2017-10-18
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Dövlət müstəqilliyi günü münasibəti ilə tədbir keçirilmişdir

18 oktyabr tarixində Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində həmvətənlərimizin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət müstəqilliyi günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Səfir XX əsrin sonunda Azərbaycan xalqının öz dövlət müstəqilliyini ikinci dəfə qazanmasından, onu bərpa etməsindən bəhs edərək, həmin dövrdə keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda baş verən proseslər haqqında ətraflı məlumat vermişdir. Sovet ittifaqının saxlanılmasına çalışan Moskvanın 1991-ci ilin martın 17-də keçirdiyi referendumda yalnız Naxçıvan Muxtar Respublikasının etiraz əlaməti olaraq iştirak etmədiyini bildirən Səfir, bu mövqeyin ortaya qoyulmasında həmin dövrdə Naxşıvan Ali Məclisinin deputatı olan Heydər Əliyevin xidmətlərini diqqətə çatdırmışdır. Hələ 1990-cı ildə Naxçıvan Ali Sovetinin iclasına sədrlik edərkən Heydər Əliyevin təşəbbüsü ilə muxtar respublikanın adından “sovet sosialist” sözlərinin çıxarılmasının və Azərbaycan Ali Sovetinə də eyni məzmunlu qərar qəbul etməsinə dair müraciətin göndərilməsini xatırladan Səfir, bunun dövlət müstəqilliyinin bərpası yönündə atılmış ilk və həlledici siyasi-hüquqi addımlar olduğunu bildirmişdir. Müstəqilliyin bərpasında Azərbaycan xalqının keçdiyi çətin və şərəfli yoldan bəhs edən Səfir, bu gün onun möhkəmlənməsi yolunda dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, görülən işlər və perspektivlər barədə danışmışdır.

növbəti xəbər əvvəlki xəbər