2017-06-12
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Səfir Həsən Zeynalov arasında görüş keçirilmişdir

2017-ci ilin iyun ayının 11-də Türkmənistan tərəfinin istəyi əsasında xarici işlər naziri R.Meredov ilə Səfir H.Zeynalov arasında görüş keçirilmişdir.

Görüşdə cənab R.Meredov Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar dərindən kədərləndiklərini bildirmiş və həm Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdiməhəmmədov adından, həm də öz adından başsağlığı vermiş, Türkmənistan hökumətinin başsağlığını Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə çatdırılmasını xahiş etmişdir.

R.Meredov Natiq Əliyevin energetika sahəsində tanınmış mütəxəssis olduğunu, onun həm ARDNŞ-in prezidenti, həm də energetika naziri olduğu dövrlərdə Xəzər dənizinin karbohidrogen yataqlarının kəşfiyyatı və istismarı, eləcə də hasil olunmuş neft və qazın xarici bazarlara çatdırılması işlərinin təşkilində böyük xidmətlərinin olduğunu qeyd etmişdir.

Xarici işlər naziri Türkmənistanlı energetiklərin həmişə Natiq Əliyev başda olmaqla Azərbaycanlı həmkarlarının təcrübələrindən faydalandıqlarını və lazım gəldikdə köməklərinə arxalandıqlarını ifadə etmiş, Natiq Əliyevin vəfatının Türkmənistanın da itkisi olduğunu bildirmişdir.

Səfir öz növbəsində R.Meredova Türkmənistan Prezidentinin və hökumətinin nümayiş etdirdiyi nəzakətə görə təşəkkürünü bildirmiş, qardaş ölkə rəhbərliyinin başsağlığı ismarıcının Azərbaycan Respublikasının Prezidentinə və hökumətinə çatdırılacağını diqqətə çatdırmışdır.

növbəti xəbər əvvəlki xəbər