2017-05-10
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Səfirliyin əməkdaşları, Aşqabadda yaşayan soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Səfir Həsən Zeynalov, Ümummilli lider Heydər Əliyevin həyatı haqqında məlumat vermiş, keçdiyi ömür yolu, xalqımız və dövlətimiz qarşısında xidmətləri, qarşılaşdığı çətinliklər, mübariz xarakteri, siyasi uzaqgörənliyi haqqında ətraflı məlumat vermişdir. Müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xidmətlərindən bəhs edən Səfir, onun həyatının ayrı-ayrı dövrlərinin tək-tək, ətraflı tədqiq edilməsinin, bu barədə əsərlərin yazılmasının və filmlərin çəkilməsinin vacibliyini vurğulamışdır. Səfir, bunun gənc nəslin Azərbaycanın ən yeni tarixinin dərindən öyrənilməsi, həmin dövrlərdə ölkəmizin hansı təhlükələrlə üzləşdiyini bilməsi, Heydər Əliyevin zəkası, zəhməti və fədakarlığı ilə bu təhlükələrdən necə xilas olduğunu anlaması, eləcə də onun həyat yolunu, amalını özünə nümunə götürə bilməsi cəhətdən əhəmiyyətindən bəhs etmişdir.

Səfir daha sonra Heydər Əliyevlə bağlı şəxsi xatirələrindən söhbət açmış, onun insani xüsusiyyətləri haqqında yadda qalan, maraqlı hadisələr danışmışdır. Heydər Əliyev Siyasi Büro üzvlüyündən çıxdıqdan sonra hələ Moskvada olarkən onunla telefon danışığının, Naxçıvanda ata evində onunla olan ilk görüşünün, Naxçıvan Ali Məclisinin sədri işləyərkən olan əlaqələrinin, eləcə də Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra olan təmaslarının həyatının unudulmaz xatirələri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Sonda Səfir, Heydər Əliyevin xatirəsinin Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını, onun hər zaman minnətdarlıqla anılacağını bildirmişdir.

Daha sonra tədbir iştirakçıları söz alaraq çıxış etmiş, Heydər Əliyevin xalqımızın, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın taleyində oynadığını əvəzsiz rollardan danışmışlar. Hələ Sovet hakimiyyəti illərində azərbaycanlı gənclərin SSRİ-nin ən yaxşı ali təhsil müəssisələrində təhsil almaq üçün göndərilməsinin, onların ən yaxşı yerlərə təyinat alıb işləmələrinin məhz Heydər Əliyevin zəkasının məhsulu olduğu diqqətə çatdırılmışdır. Azərbaycanlıların keçmiş SSRİ məkanında məhz Heydər Əliyevin düşünülmüş addımlarının nəticəsində yüksək vəzifələr, əhəmiyyətli postlar tutduqları vurğulanmışdır.

Çıxışlardan sonra tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən guşəyə və sənədli filmə tamaşa etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər