2017-03-31
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin anılması ilə başlanmışdır.

Tədbirdə çıxış edən Səfir Həsən Zeynalov bu günün mahiyyəti haqqında ətraflı məlumat vermişdir. XIX əsrin əvvəllərində imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoyduğunu bildirən Səfir, Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbtinin və azərbaycanlılara qarşı soyqırımın başlandığını diqqətə çatdırdı.

Tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Böyük Ermənistan» ideyalarını təbliğ etməyə başladılar. Bu xülyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı, o cümlədən indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Birinci dünya müharibəsi və həmin dövrdə Rusiyada baş vermiş dövlət çevrilişindən istifadə edən ermənilər öz iddialarını reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planlarını həyata keçirməyə başladılar.

Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq nümunələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Zaqafqaziyanın sovetləşməsindən istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan ərazisi elan etdilər. Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlılar olan İrəvan şəhərindən və Ermənistanın digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovuldular. Azərbaycanlılara qarşı ermənilər tərəfindən repressiyalar həyata keçirildi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirildi, qədim Azərbaycan toponimlərinin uydurma erməni adları ilə əvəzolunma prosesi baş verdi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. 1990-cı ilin yanvar ayında xalq hərəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə yüzlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə başa çatdı.

Ermənilərin Dağlıq Qarabağda başladığı işğalın nəticəsi olaraq bir milyona yaxın soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı. Ərazimizin iyirmi faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Səfir, bu hadisələrə yalnız 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərmanla siyasi-hüquqi qiymət verildiyini, 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdırmışdır.

Daha sonra digər tədbir iştirakçıları da çıxış edərək bu günlə bağlı öz fikirlərini bölüşmüşlər.

Çıxışlardan sonra tədbir iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş foto sərgiyə və sənədli filmə tamaşa etmiş, bukletlərlə tanış olmuşdurlar.

növbəti xəbər əvvəlki xəbər