2017-02-26
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Səfirliyin əməkdaşları, soydaşlarımız və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir soyqırım qurbanlarının xatirəsinin anılması ilə başlanmışdır.

Tədbiri giriş sözü ilə açan Səfir bu il Xocalı soyqırımının 25-ci ildönümünün tamam olduğunu bildirmişdir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə bütün istiqamətlərdən hücum edildiyini bildirən cıxışçı, nəticədə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdiyini qeyd etmişdir. İşğalçıların Xocalını darmadağın etdiklərini, onun dinc əhalisini xüsusi amansızlıqla qırdıqlarını deyən Səfir, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin qətlə yetirildiyini, 1000-dən çox sakinin yaralandığını, 1275 sakinin əsir götürüldüyünü, 150 sakinin itkin düşdüyünü və sadəcə azərbaycanlı olduqları üçün bu qırğının həyata keçirildiyini diqqətə çatdırmışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin kütləvi öldürülməsinin, dərilərinin soyulmasının, başlarının kəsilməsinin, hamilə qadınların süngüyə keçirilməsinin və cansız bədənlərinin eybəcər hala salınmasının dünya üçün sirr olmadığını qeyd edən Səfir, bunun Ermənistan prezidenti S.Sarqsyan tərəfindən də etiraf edildiyini bildirmişdir.

Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğınının təsadüfi hərəkət olmayıb, Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirdiyi mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirən Səfir, Xocalıda törədilmiş əməllərin beynəlxalq cinayət hesab olunduğunu, bu əməlləri törədən, onlarla əlbir olan və onlara kömək edənlərin hər birinin məsuliyyət daşıdığını qeyd etmişdir.

Artıq Avropa İnsan Hüquqları Məhkəməsinin Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirdiyini deyən Səfir, bir sıra dövlətlərin mərkəzi və yerli qanunvericilik orqanlarının, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsinə və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

“Xocalıya ədalət” aksiyası çərçivəsində atılan addımların əhəmiyyətini qeyd edən Səfir, beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlərin cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə xidmət edəcəyinə əminliyi ifadə etmişdir.

Daha sonra Səfirliyin müşaviri tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatı səsləndirilmişdir.

Böyük bir hissəsinin uşaq, qadın və qocalardan ibarət olan dinc mülki əhaliyə qarşı onların milli mənsubiyyətinə görə edilən bu hərəkətlərin heç bir bəraətinin olmadığını, bu soyqırımı törədənlərin ən ağır şəkildə cəzalanmalı olduqlarını ifadə edən tədbir iştirakçıları, soyqırım qurbanlarının xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını bildirmişlər.

Çıxışlardan sonra tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən foto sərgiyə və sənədli filmə tamaşa etmiş, bukletlərlə tanış olmuşdurlar.

növbəti xəbər əvvəlki xəbər