2017-01-20
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Səfirliyin əməkdaşları, Türkmənistanda yaşayan həmvətənlərimiz və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbir şəhidlərin xatirəsinin anılması ilə başlanmışdır.

Daha sonra çıxış edən Səfirliyin müşaviri 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə qarşı sovet qoşunlarının törətdiyi qətliam haqqında məlumat verərək, Azərbaycan xalqının müstəqillik tarixində bu günün əhəmiyyətindən danışmışdır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü üçün xalqımızın haqlı tələbinə qarşı törədilən bu qətliamın məqsədi xalqın milli azadlıq iradəsini qırmaq, xalqı başına gətirilənlərlə barışmağa məcbur etmək olduğunu bildirən çıxışçı, həmin dövrdə respublika rəhbərliyinin xəyanətkarlığının heç də sovet rəhbərliyindən geri qalmadığını diqqətə çatdırmışdır. Mülki əhaliyə qarşı həyata keçirilən bu amansız qətliamı dünya ictimaiyyətinə çatdıran, onun təqsirkarlarını açıq şəkildə tənqid edən məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin olduğunu bildirən natiq, onun qətliamdan bilavasitə sonra ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransı barədə məlumat vermişdir. 20 Yanvar hadisələrinə yalnız Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdıran çıxışçı, şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını bildirmişdir.

Tədbir iştirakçıları da çıxış edərək bu günün yalnız 1990-cı ilin 20 yanvar tarixində deyil, ümumilikdə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirə günü kimi çox dəyərli olduğunu, hər bir azərbaycanlının ürəyində yaşadığını qeyd etmişdirlər. Bu gün də vətənimizin ərazi bütövlüyü uğrunda şəhid verdiyimizi qeyd edən çıxışçılar, xalqımızın azadlıq və dövlətçilik mübarizəsinin heç bir zaman qırılmayacağını bəyan etmişdirlər.

Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr olunmuş foto sərgiyə və sənədli filmə tamaşa etmiş, bukletlərlə tanış olmuşdurlar.

növbəti xəbər əvvəlki xəbər