2016-12-26
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov etimadnaməsini Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim etmişdir.

Qəbula görə təşəkkürünü bildirən H.Zeynalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Əfqanıstanın dövlət başçısına çatdırmışdır. H.Zeynalov Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd etmişdir. İki ölkənin ortaq tarixi köklərə malik olmasının, oxşar mədəni və eyni mənəvi dəyərləri bölüşməsinin əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığı vurğulanmışdır.

Azərbaycan ilə Əfqanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdıran H.Zeynalov, region ölkələrindən keçən “Lapis Lazuli” ticarət-nəqliyyat dəhlizinin tezliklə fəaliyyətə başlamasının əməkdaşlığın genişlənməsinə ciddi təkan verəcəyini bildirmişdir. Bu dəhlizin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Avropa və Asiyanın dəmir yollarının Azərbaycandan keçməklə birləşəcəyi qeyd olunmuşdur. Həmçinin, Ələtdə Xəzər dənizi regionunda ən iri beynəlxalq dəniz ticarət limanının tikintisinin regional əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyi nəzərə çatdırılmışdır. Bütün bu layihələrdən Əfqanıstanın da yararlanacağı bildirilmişdir.

Azərbaycan diplomatı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq edildiyini bildirmişdir. H.Zeynalov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Əfqanıstanın bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü bildirmişdir.

Görüşdə səfir nəzərə çatdırmışdır ki, Azərbaycan dünya ictimaiyyəti tərəfindən irəli sürülən, Əfqanıstanda sabitliyin və təhlükəsizliyini təmin olunmasına xidmət edən proqram və təşəbbüsləri dəstəkləyir. Bu xüsusda, Azərbaycanın 2017-ci ildə “Asiyanın Ürəyi-İstanbul Prosesi”ndə həmsədrlik edəcəyi və növbəti nazirlər toplantısının Azərbaycanda keçiriləcəyi vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan “İstanbul Prosesi”ndə sədrliyi dövründə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylə çalışacaqdır. Eyni zamanda, Azərbaycan NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirak etməklə, Əfqanıstanda sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

Əfqanıstan Prezidenti öz növbəsində ən səmimi salamlarının Azərbaycan Prezidenti qardaşı İlham Əliyevə çatdırılmasını xahiş edərək, İ.Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını söyləmiş və Əfqanıstanın bir dost ölkə kimi Azərbaycanın uğurlarına sevindiyini ifadə etmişdir.

Əfqanıstan Prezidenti ölkəsinin xarici siyasətində Azərbaycanın mühüm yer tutduğunu və Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini söyləmişdir.

Əfqanıstanın dövlət başçısı Azərbaycanın həyata keçirdiyi regional nəqliyyat layihələrindən danışaraq, bu layihələrin Əfqanıstanın inkişafında vacib rol oynayacağını söyləmişdir. Yaxın gələcəkdə iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişlənəcəyinə və birgə layihələrin icra olunacağına inandıqlarını qeyd etmişdir.

Beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstanda həyata keçirilən proqram və layihələrdə fəal iştiraka və göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edən Əfqanıstan Prezidenti Azərbaycanın “Asiyanın Ürəyi-İstanbul Prosesi”ndə həmsədrliyi öz üzərinə götürməsini yüksək qiymətləndirdiklərini və ölkəmizin bu prosesə layiqli töhfə verəcəyinə əmin olduqlarını vurğulamışdır.

Əfqanıstan Prezidenti həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini və bundan sonra da Azərbaycanın yanında olacaqlarını qeyd etmiş, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulamışdır.

Əfqanıstanın dövlət başçısı H.Zeynalovun Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd etmişdir.

növbəti xəbər əvvəlki xəbər