2016-06-11
Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan Prezidenti və Nazirlər Kabineti Aparatının rəhbəri Şamuhammet Durdılıyevlə görüş keçirmişdir.

11 iyun 2016-cı ildə Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Həsən Zeynalov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan Prezidenti və Nazirlər Kabineti Aparatının rəhbəri Şamuhammet Durdılıyevlə görüş keçirmişdir. Görüşdə Azərbaycan Respublikası ilə Türkmənistan arasında  ikitərəfli əlaqələrin inkişafının müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.

Səfir H.Zeynalov ortaq etnik, dini, mədəni kökləri bölüşən Azərbaycan və Türkmən xalqları arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin olduğunu və bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirmişdir.

Səfir, Azərbaycan Respublikasındakı inkişaf, iqtisadi və sosial sahədə həyata keçirilən islahatlar, Azərbaycanın fəal iştirakı ilə regionda yerinə yetirilən enerji və nəqliyyat layihələri barədə Türkmənistanın dövlət rəsmisinə məlumat vermişdir. Bu xüsusda, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun son illərdə xeyli gücləndiyi diqqətə çatdırılmışdır.

Ş.Durdılıyev Türkmənistan tərəfinin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əməkdaşlığa hazır olduqlarını vurğulamışdır.

Tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçılarının bir-birinə səmimi münasibəti ikitərəfli əlaqələrin inkişafına gözəl zəmin yaradan amillərdən biridir. Qeyd edilmişdir ki, son zamanlar iki ölkə arasında qarşılıqlı işgüzar səfərlərin sayında artım dinamikası müşahidə olunur, yeni əməkdaşlıq təklifləri işlənib hazırlanır və onların həyata keçirilməsi məqsədilə əməli addımlar atılır. Hal-hazırda iki ölkənin aidiyyəti qurumları arasında iqtisadi, humanitar, mədəni və digər sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur.

H.Zeynalov bu yaxında böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazmasının Azərbaycan Respublikasında tapıldığını, bu əlyazmanın Türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunduğunu və Bakıda kitabın təqdimatının keçirildiyini bildirmişdir. Bunun eyni mədəni dəyərləri bölüşən Azərbaycan və Türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü olduğunu qeyd etmişdir.

Görüşdə həmçinin hər iki ölkənin səfirlikləri üçün qarşılıqlı əsasda torpaq sahələrinin ayrılması üzrə fikir mübadiləsi aparılmış və məsələnin yaxın günlərdə həll olunacağı bildirilmişdir.

növbəti xəbər əvvəlki xəbər