2016-04-26
Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalovun Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Türkmənistan tərəfindən həmsədri Sapardurdı Toyliyev ilə görüş keçirdi.

26 aprel 2016-cı ildə Azərbaycan Respublikasının Türkmənistanda səfiri Həsən Zeynalov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan Respublikası ilə Türkmənistan Arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Sapardurdı Toyliyev ilə görüş keçirmişdir.

Görüşün əvvəlində səfir H.Zeynalov cari ilin 3 fevral tarixində Türkmənistanın Prezidentinə etimadnaməsini təqdim etdiyini və iki qardaş ölkə arasında əlaqələrin inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini bildirmişdir.

S.Toyliyev H.Zeynalovu Türkmənistana səfir təyin olunması münasibətilə bir daha təbrik etmiş, ona işlərində uğurlar diləmiş və əməkdaşlığa hazır olduqlarını qeyd etmişdir. Sonra tərəflər ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparmışlar.

Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Azərbaycan Respublikasında gedən inkişaf proseslərini yaxından izlədiklərini diqqətə çatdırmışdır. S.Toylıyev son zamanlar Azərbaycan Respublikasında mühüm beynəlxalq tədbirlərin keçirildiyini, belə növ tədbirlərin keçirilməsinin Azərbaycanın nüfuzundan xəbər verdiyini söyləmişdir. Bu xüsusda, 2015-ci ildə keçirilmiş  birinci Avropa oyunları, hal-hazırda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və digər tədbirlərin adları sadalanmışdır. O, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkmənistanın təhsil nazirinin iştirak etdiyini vurğulamışdır.

H.Zeynalov bu yaxında böyük türkmən şairi Məhtimqulu Fəraqinin nadir əlyazmasının Azərbaycan Respublikasında tapıldığını, bu əlyazmanın Türkmən mütəxəssisləri ilə birlikdə və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəylinin elmi redaktəsi ilə azərbaycan, türkmən və ərəb dillərində nəfis şəkildə nəşr olunduğunu bildirmişdir. Bunun ortaq mədəni və tarixi köklərə malik Azərbaycan və Türkmən xalqları arasında əlaqələrin inkişafının təzahürü olduğunu qeyd etmişdir. S.Toylıyev öz növbəsində kitabın bu günlərdə keçiriləcək təqdimatında Türkmənistan Elmlər Akademiyasından yüksək səviyyəli nümayəndə heyətinin iştirak edəcəyini söyləmişdir.

Tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçılarının bir-birinə səmimi münasibəti ikitərəfli əlaqələrin inkişafına gözəl zəmin yaradan amillərdən biridir.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsinin artırılması, eləcə də birgə layihələrin icrası istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunmuş, Azərbaycan Respublikası ilə Türkmənistan Arasında İqtisadi və Humanitar Sahələrdə Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər