2016-03-31
Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.

Səfir Həsən Zeynalovun rəhbərliyi ilə keçirilən tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Səfir Həsən Zeynalov bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlar, vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb.

1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və onun ətraflarında minlərlə dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib.

Səfir H.Zeynalov bildirmişdir ki, bəşər tarixinin ən qanlı və faciəli səhifələrindən olan 1918-ci il 31 mart qətliamı nəticəsində Azərbaycanda on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı erməni daşnak birlikləri tərəfindən qəddarlıqla qətlə yetirilib, məscidlər, məktəb binaları yandırılıb. Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qətliam törədiblər. Daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi yandırıb, çoxlu sayda insanı qətlə yetiriblər. Şamaxı qəzasının 53 kəndində isə ermənilər 8 mindən çox azərbaycanlını öldürüblər. Səfir qeyd edib ki, son illər Qubada aparılmış arxeoloji qazıntılar nəticəsində ermənilərin törətdiyi kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vəhşiliyini təsdiqləyən əyani dəlillərdir.

Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini vurğulayan Səfir Həsən Zeynalov 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd edib.

Səfir Həsən Zeynalov Azərbaycan xalqına qarşı ermənilər tərəfindən 1918-ci ilin martında törədilmiş soyqırımının tariximizin faciəli səhifələrindən olduğunu söyləyib. O, soyqırımı siyasətinin xronologiyasından, bu siyasətin tərkib hissəsi kimi günahsız insanların xüsusi amansızlıqla qətlə yetirilməsindən və azərbaycanlıların öz yurdlarından didərgin salınmalarından söz acıb.

31 Mart soyqırımına hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-in rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qəbul edildiyini diqqətə çatdırıb.

Sonra Səfir Həsən Zeynalov ermənilərin azərbaycanlılara qarşı müxtəlif dövrlərdə törətdikləri soyqırımı aktları barədə məlumat verib.

Tədbirdə bu ölkədə məskunlaşmış soydaşlarımız, ziyalılar, iş adamları,  Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak etmişlər. Tədbirin sonunda faciə ilə bağlı videoçarx nümayiş etdirilib.

növbəti xəbər əvvəlki xəbər