2016-01-25
Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov etimadnaməsinin surətini ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredova təqdim edib.

H.Zeynalov dost və qardaş ölkə olan Türkmənistanda səfir təyin olunmasından şərəf hissi duyduğunu ifadə edib. O, xalqlarımız və dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin, sıx əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan-Türkmənistan hərtərəfli əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu, bu potensialdan səmərəli istifadə etmək və qarşıya qoyulan məqsədlərə tezliklə çatmaq üçün səylə çalışacağını qeyd edən səfir həmin məqsədlər naminə qarşılıqlı fəaliyyətin uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

R.Meredov H.Zeynalovu yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edən Nazirlər Kabinetinin sədr müavini səfirin fəaliyyətinin ənənəvi və tarixi qardaşlıq telləri ilə bağlı olan iki ölkənin xalqları arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını deyib. O, Azərbaycanın Türkmənistandakı səfirliyinin ölkələrimizin münasibətlərinin inkişafı istiqamətində fəaliyyətinə Türkmənistan Xarici İşlər Nazirliyinin hər zaman yardım göstərməyə hazır olduğunu vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər