2016-01-28
Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 43-cü iclası keçirilir.

Azərbaycanın Türkmənistandakı səfirliyinin məlumatına görə, iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Rusiya Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov, Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murad Atacanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlər.

İclasın açılışında çıxış edən Türkmənistanın xarici işlər naziri Rəşid Meredov xüsusi işçi qrupun rəhbərlərinə və üzvlərinə minnətdarlığını bildirib, uğurlar arzulayıb.

Xələf Xələfov çıxış edərək bildirib ki, işçi qrup ötən dövr ərzində böyük işlər görüb və Konvensiyanın layihəsinin bütün əsas vəziyyətlərinin uyğunlaşdırılması üçün birgə səy göstərib. İşçi qrupun iclası çərçivəsində ekspert fikir mübadiləsinin formatında ayrı-ayrı tematik məsələlərin müzakirəsi səmərəli olacaq və ümumi razılıqlarla bağlı nailiyyətə imkan yaradacaq. Bununla əlaqədar müvafiq məqsədlər üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi ilə çıxış xətlərinin qurulması metodikası üzrə ekspert fikir mübadiləsinin davam etdirilməsi zəruridir. Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində həllinin tərəfdarıdır.

Nazir müavini Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyasının daimi katibliyi ilə bağlı məsələlərin vacibliyini də qeyd edib.

İclasın açılışında Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da iştirak edib.

 

növbəti xəbər əvvəlki xəbər