2016-02-29
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz təşkilatları rəhbərlərinin beştərəfli iclası keçirilib.

İclasda ölkəmizi nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini Ehtiram Rəhimov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov təmsil ediblər. Görüşdə dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitəsilə yükdaşımaların həcminin artırılmasına dair müzakirələr aparılıb. Yükdaşıma prosesinin səmərəli şəkildə qurulması və beynəlxalq nəqliyyat şəbəkəsini yaratmaqla regionun tranzit potensialının artırılması müzakirə olunan məsələlər sırasında yer aldığı vurğulanıb. Həmçinin, iştirakçı ölkələrin yerləşdiyi əlverişli coğrafi mövqenin Şərq-Qərb və Şimal-Cənub istiqamətində nəqliyyat dəhlizlərinin fəaliyyəti üçün əlverişli zəmin yaratdığı qeyd edilib.

Tədbirdə Azərbaycan nümayəndə heyəti son illərdə ölkəmizdə nəqliyyat sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı məqsədilə iri layihələrin həyata keçirildiyini, avtomobil və dəmir yolu şəbəkələrinin müasir standartlara uyğun yenidən qurulduğunu, yeni lokomotiv, vaqon və gəmilərin alındığını, beynəlxalq hava limanlarının tikildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, Bakı-Tbilisi-Qars və Qəzvin-Rəşt-Astara dəmir yolu layihələri, habelə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı barədə məlumat verilib, sözügedən infrastruktura layihələrinin regionun tranzit potensialının gücləndirilməsinə xidmət edəcəyi qeyd olunub.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti İran İslam Respublikası, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib, həmin ölkələrlə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşün yekununda müvafiq protokol imzalanıb. Bu protokola əsasən, tərəflər nəqliyyat sahəsində iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi, yerli və tranzit yükdaşımaların effektivliyinin artırılması, müxtəlif nəqliyyat növlərinin optimal iş birliyi, yaranan problemlərin birbaşa məsləhətləşmələr yolu ilə həlli barədə razılığa gəliblər.

 

növbəti xəbər