2017-07-19
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan xarici işlər nazirlərinin Dördüncü Üçtərəfli Görüşündə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Rəşid Meredov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qəbul edilməkdən məmnunluğunu ifadə edərək, görüş zamanı faydalı müzakirələr aparıldığını dedi. Həmçinin yaxın zamanda Türkmənistan Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdimuhamedovun Azərbaycana rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırdı.

Görüşdə Azərbaycan və Türkmənistan xalqları arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin Azərbaycan Respublikası ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində bundan sonra daha da inkişaf etdirilməsi niyyəti ifadə olundu.

İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması və beynəlxalq, həmçinin regional təşkilatlar çərçivəsində dialoqun və əməkdaşlığın davam etdirilməsində tərəflərin maraqlı olduğu vurğulandı.

İki ölkə hökumətləri arasında müxtəlif səviyyələrdə təmasların genişləndirilməsi və ümumi maraq doğuran məsələlərin müzakirə edilməsi məqsədilə nazirlik və təşkilatlararası birbaşa əlaqələrin və səfər mübadilələrinin canlandırılmasının vacibliyi qeyd olundu.

Siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə ikitərəfli əməkdaşlığın təşviqinə yardım edən parlamentlərarası əlaqələrin daha da inkişafının əhəmiyyəti vurğulandı.

Həmçinin nəqliyyat və energetika sahəsində əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə İşçi Qrupların səfər mübadiləsi razılaşdırıldı və müqavilə-hüquq bazasının genişləndirilməsi müzakirə edildi.

Görüşdə iki ölkənin beynəlxalq məsələlər üzrə mövqelərinin üst-üstə düşdüyü və əksər hallarda bənzər olduğu diqqətə çatdırıldı.

Həmçinin, Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti 5-ci iclasının keçirilməsinin vacibliyi qeyd edildi.

Azərbaycanın və Türkmənistanın turizm sahəsində böyük potensiala malik olduğu nəzərə alınaraq, iki ölkə arasında bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinin qeyd edildi.

növbəti xəbər əvvəlki xəbər